Bakının tarixi guşəsi olan İçəri Şəhər ərazisində yerləşən “Art Tower”
qalereyasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” -
Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin və ADA Universitetinin
təşəbbüsü, “Yaşıl ASAN” və “Arts Council”in təşkilati dəstəyi ilə “DrinkART:
bir fincan incəsənət” sərgisi baş tutdu.
Sərgi təşkilatçı qurumların rəsmi nümayəndələrinin giriş nitqi
ilə açıq elan edildi. Qeyd olundu ki, layihənin məqsədi ətraf mühitin plastik
və digər növ tullantılardan qorunması ilə yanaşı incəsənəti təbliğ etməkdir.
Layihənin ilk mərhələsində “ABAD”ın İçərişəhər etno-butiki, ADA
Universiteti və “Arts Council”ın ərazilərində istifadə olunmuş plastik və
karton fincanların toplanması üçün “Yaşıl ASAN”ın xüsusi konteynerləri
yerləşdirildi. Toplanmış tullantılar üzərində ABADçı rəssamlar, ADA
Universitetinin istedadlı tələbələri və könüllü rəssamlar müxtəlif tanınmış
milli və beynəlxalq rəsm əsərlərini həmçinin də öz fantaziyalarını əks etdirdilər.
Qeyd edək ki, xeyriyyə məqsədi ilə “ASAN Məktub" layihəsi çərçivəsində
uşaqların arzularını reallaşdırmaq üçün fincanlar simvolik qiymətlərə iştirakçılar tərəfindən əldə
edildi.
Xatırladaq ki, “DrinkART:
bir fincan incəsənət” layihəsi davam edir. Üzərində rəsm çəkilmiş fincanları İçərişəhərdə
yerləşən “ABAD” etno-butikində əldə edərək “ASAN Məktub” layihəsinə dəstək ola
bilərsiniz.