4
mart 2020-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz
“ASAN Həyat” kompleksinin açılışı zamanı kompleks daxilində fəaliyyət göstərəcək
yeni “ABAD” müəssisələri ilə də tanış olub.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev yeni müəssisələr barədə
dövlət başçısına ətraflı məlumat veriblər.
Diqqət
çəkən yeniliklərdən biri də "Tovuz
ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabriki olub. Bildirilib
ki, bu Fabrik “Qazax Sement Zavodu” MMC və “Fito Life” MMC-nin dəstəyi ilə
2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və ölkəmizdə ilk dəfə
tətbiq edilən avadanlıqlarla təchiz edilmiş "Tovuz ABAD Factory"
Bitkilərin Emalı və Qurudulması Fabrikinin fəaliyyəti ölkəmizə həm sosial, həm
də iqtisadi faydalar gətirməsinə hədəflənib. Fabrikin ərazisi 3000 m2 təşkil
edir. Xammal anbarı, hazır məhsul anbarı, su anbarı, qazanxanası və
laboratoriyası var. Fabrikdə 3 istehsal xətti qurulub:
-
meyvələrin
yuyulması, çeşidlənməsi, emalı, qurudulması və paketlənməsi;
-
dərman bitkilərinin
yuyulması, çeşidlənməsi, emalı, qurudulması və kisələrə doldurulması;
-
emaldan keçmiş dərman
bitkilərinin üyüdülərək hazır çay məhsulunun istehsalı.
Müasir
standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla
təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi
faydalar gətirəcək. Belə ki, fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda
məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30-100
yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin
edilməsinə əlavə töhfə verəcək.
Bundan
başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz “ABAD” regional mərkəzi və Tovuz “ABAD Məktəbi” Təlim Mərkəzinin də fəaliyyəti ilə yaxından
tanış olub.
Tovuz
“ABAD” regional mərkəzi sayca 6-cı “ABAD” mərkəzidir. Digər Mərkəzlərdə olduğu
kimi bu mərkəzin də əsas təyinatı Gəncə-Qazax iqtisadi rayon
üzrə vətəndaşların ölkəmizin sosial-iqtisadi fəaliyyətində fəal iştirakını təmin
etmək və rəqabətə davamlı ailə bizneslərinin, mikro və kiçik sahibkarların
formalaşdırılmasına əlavə töhfə verməkdir.
İki
mərtəbəli mərkəz binası “ABAD” xidmətlərindən yararlanmaq üçün müraciət edəcək
vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi üçün bütün zəruri şəraitlə təmin
edilib.
Tovuz
“ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də "Paşa Holdinq"in dəstəyi ilə təchiz edilmiş “ABAD”
publik hüquqi şəxsin növbəti, sayca 4-cü “ABAD” Məktəbidir. Bu məkanda region gənclərinin
tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya
texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə
malik sinif otaqları mövcuddur.
Qeyd edək ki,
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs cənab prezident İlham
Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan
Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd - Azərbaycanın
sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta
sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət
qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün
sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin
prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının
istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.