Ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsinə, həmçinin əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək məqsədilə tədbirləri davam edir. “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs birlikdə həyata keçirilən "Nümunəvi Dönər Biznesi" layihəsi də bu tədbirlər sırasındadır.
Layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir. Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından da layihə böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası
Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində ilkin
olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla,
ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması
nəzərdə tutulur. Qeyd edək ki, “Nümunəvi Dönər Biznesi” layihəsi çərçivəsində
mütəxəssislər tərəfindən hər cür metodiki köməkliyin göstərilməsi, qida
təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə
nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər Qida
Təhlükəsizliyi Agentliyi və Agentliyin tabeliyində fəaliyyət göstərən
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilir. Layihə
çərçivəsində bu gündən etibarən Bakı şəhəri, Nərimanov rayonu ərazisində
fəaliyyət göstərən fiziki şəxs Fərzəliyev Anar Kamil oğluna məxsus “Dönər Room”
və fiziki şəxs Məmmədov Üzeyir Böyükağa oğluna məxsus «TAVAÇI BAKU DÖNƏR» müəssisələrinə
müasir avadanlıqlar təqdim olunub.
ƏƏSMN yanında Dövlət
Məşğulluq Agentliyi publik hüquqi şəxs tərəfindən layihə çərçivəsində həmin
qida obyektləri fəaliyyəti üçün lazımi avadanlıqlarla təmin edilməsini həyata
keçirir. Bununla yanaşı həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən
az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) publik hüquqi şəxs layihə çərçivəsində dönər obyektlərinin
güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim
strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək.
Mikro və kiçik sahibkarlıq
subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə
iştirakçılarının seçimində iştirak edir, onların potensialını və biznes
idarəetmə səriştəliliyini dəyərləndirir, analizini aparır, layihə çərçivəsində
keçiriləcək təlimlərin təşkilində iştirak edir, yaradılan biznesin
qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və
mühasibatlıq üzrə məsləhətlər verir və “ABAD”çı olmaq qərarına gələn
iştirakçılara daimi əsasda “ABAD” proqramına
daxil olan xidmətləri göstərir.
Dönər biznesi ilə məşğul
olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi
nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi,
davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə
xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zəncirinə nəzarət sisteminin daha
da təkmilləşdirilməsi nəzərdə tutulur.