Dənizkənarı Milli Parkda Vətən müharibəsində qələbəyə həsr olunmuş “Zəfər” yarmarkasına start verilib. 29 oktyabr - 9 noyabradək davam etməyi nəzərdə tutulan yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” sloqanı altında keçirilir.
“YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif şirkətlər, ictimai iaşə, tibb obyektləri və s. iştirak edir. Şirkətlər tərəfindən təqdim olunan xidmət və məhsulların satışı “ABAD”ın təqdim etdiyi diyircəkli qoşqularda - fudtraklarda reallaşdırılır. Zəfər simvolikasına aid müxtəlif suvenirlərin satışını da həmçinin “ABAD” həyata keçirir. Bundan başqa burada kitab, oyuncaq və s. kimi məhsullar əldə etmək mümkündür.
Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Vətəndaşlar üçün hərbi vətənpərvərlik yarışları, uşaqlara isə əyləncəli tədbirlər təşkil ediləcək.
Yarmarka müddətinfə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, yarmarkadan əldə edilən vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.