Rusiya Federasiyası Həştərxan vilayətinin höküməti yanında Əhalinin Məşğulluğu Agentliyinin rəhbəri Ramiz Əzizov ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin qonağı olub.
Görüşdə “ABAD” publik hüquqi şəxsin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub.
Bildirilib ki, “ABAD” bu günədək 502 sahibkara xidmət göstərib. Öz fəaliyyətində səmərəliliyi artırmaq məqsədi ilə qurum mütəmadi olaraq beynəlxalq qurumlar ilə əməkdaşlıq edir.
Bundan başqa, görüşdə “ABAD” publik hüquqi şəxsin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə uğurlu əməkdaşlığı və birgə layihələri haqqında məlumat verilib.
Sonda qonağa “ABAD”çı məhsulları ilə daha yaxından tanış olmaq məqsədi ilə “ABAD”ın 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən etno-butikində təqdimat və dequstasiya keçirilib.