“ABAD” publik hüquqi şəxsi dekorativ-tətbiqi xalq sənətkarlığının suvenir xalçalar sahəsi ilə məşğul olmaq istəyənlər üçün təlim proqramı elan edir.
Dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrin dəstəklənməsi “ABAD”ın prioritet fəaliyyət istiqamətlərindəndir.
Sənətkar ailələrinə göstərilən dəstək çərçivəsində “İçərişəhər” və Heydər Əliyev Beynəlxalq Hava limanında “ABAD” tərəfindən dəstəklənən 120-dən artıq ailənin müxtəlif əl işlərinin sərgi-satışı təşkil olunub.
“ABAD”ın dəstəklədiyi dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində mühüm istiqamətlərdən biri də suvenir xalçaların hazırlanmasıdır.
Bu gün ölkəmizə səfər edən turistlər kiçik suvenir xalçaların alınmasına böyük maraq göstərirlər.
Belə milli məhsullara olan tələbatı nəzərə alaraq “ABAD” suvenir xalçaçılıq sahəsində fəaliyyət göstərmək istəyən ailələr üçün təlim proqramına başlayır.
Təlim çərçivəsində gələcək sənətkarlara suvenir xalçaların hazırlanması, ilmələrin vurulması ilə yanaşı, xalçaçılıq sənətinin tarixi də öyrədiləcək.
Proqramı uğurla bitirmiş sənətkarların məhsullarının satışı “ABAD” tərəfindən təşkil olunacaq.
Təlim proqramında iştirak etmək istəyən şəxslər özləri haqqında məlumatı info@abad.gov.az elektron poçt ünvanına göndərə bilərlər.