“ABAD” məhsulları Azexport.az portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub
04.04.2022“ABAD”
publik hüquqi şəxs və Azexport.az portalının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın
dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron
ticarət platformalarında beynəlxalq alıcılara təqdim olunub.
Layihənin başlıca
məqsədi “ABAD” üzvləri olan fərdi şəxslər tərəfindən ərsəyə gətirilən məhsulların
ixrac potensialının artırılması, həmçinin, Azərbaycanın xalq sənətkarlığı
nümünələrinin beynəlxalq rəqəmsal mühitdə təbliğinə əlavə dəstək göstərməkdir.
Hazırda “Amazon” və “eBay” platformalarında satışlar əsasən “B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki, qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən məhsullar portallara inteqrasiya olunub. Nümayiş etdirilən məhsul sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs ölkədə mikro, kiçik
və orta sahibkarlığın inkişafı məqsədi ilə fəaliyyət göstərir. “ABAD”ın dəstək
proqramına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat,
hüquqi yardım, satışın təşkili və s. kimi xidmətlər daxildir.