26 -29 may 2022-ci il tarixlərində Azərbaycanda ilk dəfə
olaraq “Teknofest” Festivalı keçirilir.
“ABAD” bu festival üçün xüsusi hazırlanmış “Səngərdən sənətə”
sərgisi ilə çıxış edir. Sərgi ANAMA-nın (Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi) dəstəyi ilə yaradılıb. Layihə çərçivəsində ANAMA işğaldan azad
edilmiş torpaqlarda aşkar etdiyi minaları zərərləşdirərək “ABAD”a təhvil verib.
Öz növbəsində “ABAD”çılar bu qalıqları sənət əsərlərinə çevirərək sərgi üçün təqdim
edib. Eksponatların hər biri stimpank üslubunda hazırlanıb və ikinci Qarabağ
müharibəsi mövzusuna aiddir.
Eyni zamanda ABAD-çılar tərəfindən hazırlanan “Teknofest Azərbaycan”
Aerokosmik və Texnologiya Festivalına aid, tədbirin logo və digər atributilarını
təsvir edən suvenirlərin satışı təşkil olunur.
Qeyd edək ki, “Teknofest” Festivalı Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru
Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı
ilə 2018-ci ildən etibarən hər il keçirilir.