“ABAD”
publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu
(SİF) və “Yelo Bank” ASC ailə təsərrüfatlarının yaradılması və genişləndirilməsinə
dəstək göstərilməsi, “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli
kreditləri hesabına maliyyələşdirilməsi məqsədilə birgə əməkdaşlığa start
verdilər.
“ABAD”
publik hüquqi şəxs mikro, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq
səviyyəsinin artırılması və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının
formalaşdırılmasına dəstək verməklə, sosialyönümlü layihələr həyata keçirir.
“ABAD” mərkəzləri vasitəsilə ailə təsərrüfatlarının formalaşdırılması və
inkişaf etdirilməsi məqsədilə “ABAD”çılara (“ABAD”-ın müşayiəti ilə yaradılan və
ya “ABAD”a qoşulmaqla öz bizneslərini inkişaf etdirmək istəyən sahibkarlıq
subyektləri) biznes-planlaşdırma, konsaltinq, marketinq, brendinq, dizayn,
mühasibatlıq, hüquqi yardım, logistika işinin və satışların təşkili kimi dəstək
xidmətləri göstərilir. SİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsi ilə
“ABAD”çılara güzəştli kreditlərin verilməsi də “ABAD”ın növbəti dəstək
mexanizmidir.
Belə ki,
2022-ci ilin iyun-iyul ayları ərzində “ABAD”çılara məxsus üç investisiya layihəsinin
maliyyələşdirilməsi məqsədilə SİF “ABAD”çılara 110 min manat güzəştli kredit vəsaiti
ayırıb. “Yelo Bank” ASC həmin kreditlərin sahibkarlara verilməsində müvəkkil
kredit təşkilatı qismində çıxış edib. Maliyyələşdirilmiş layihələr bağçılıq,
arıçılıq və heyvandarlığın inkişafına xidmət edir.
Birgə əməkdaşlıq
“ABAD”çıların maliyyə resurslarına çıxışının asanlaşdırılmasına, ailə təsərrüfatlarının
rəqabət qabiliyyətinin, həmçinin, əhalinin məşğulluq səviyyəsinin
artırılmasına, xüsusilə də ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına
töhfə verəcəkdir.