27 – 30 iyun 2022-ci il tarixində Şimali Makedoniyanın
informasiya cəmiyyəti və administrasiya naziri Admirim Alitinin başçılıq etdiyi
nümayəndə heyəti ölkəmizə səfər edib.
Məqsəd “ASAN xidmət” modeli və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi tərəfindən rəqəmsal hökumət və sosial innovasiyalar sahəsində həyata
keçirilən layihələr ilə yaxından tanış olmaq, eləcə də gələcək əməkdaşlıq barədə
yol xəritəsinin hazırlanması, hüquqi çərçivənin yaradılması, həmçinin ölkəmizin
qabaqcıl modeli olan “ASAN xidmət”in Şimali Makedoniyada tətbiqi istiqamətində
müzakirələrin aparılması olub.
Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Agentliyinin sədri
Ülvi Mehdiyev ilə görüşüb. Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin
yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Cənab sədr nümayəndə heyətini həmçinin “ABAD”ın fəaliyyəti
ilə tanış edib. Qeyd olunub ki, əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində
vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin
məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin
həyata keçirilməsində birbaşa iştirak edir.
Görüş sonunda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Şimali
Makedoniyanın informasiya cəmiyyəti və administrasiya naziri Admirim Alitini
“ABAD”çıların əl işi Azərbaycan milli-mədəniyyətinə xas olan suvenir hədiyyə
edib.