2022-ci il 1-3 sentyabr tarixlərində İtaliyanın dulusçuluq sənətinin paytaxtı hesab edilən Faenza şəhərində Avropa Keramika Marşrutunun Baş Assambleyası keçirilib.
Assambleyada Avropa Şurasının keramika marşrutunun üzvü olan Şəki şəhərini "ABAD" publik hüquqi şəxsin və Dövlət Turizm Agentliyinin nümayəndələri təmsil ediblər.
Toplantıda 11 ölkənin nümayəndəsi (Azərbaycan, Türkiyə, İspaniya, Portuqaliya, Norvegiya, Almaniya, Avstriya, Polşa və s.) iştirak edib.
Avropa Şurasının Keramika Assosiasiyası (UNIC) tərəfindən idarə olunan Avropa Keramika Marşrutunun mərkəzi qərargahı məhz elə Faenza şəhərində yerləşir. Faenza şəhərinin meri Massimo İsola Asambleyada “ev yiyəsi” kimi çıxış edib. Azərbaycanlı iştirakçılar müvafiq olaraq Massimo İsolaya “ABAD” publik hüquqi şəxsin və Dövlət Turizm Agentliyinin fəaliyyətinə dair təqdimat ediblər.
Qeyd edək ki, Şəki şəhəri 2021-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü
ilə Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib.
Seçim zamanı Cənubi Qafqazda ilk Keramika Mərkəzi - “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması və Beynəlxalq Keramika Simpoziumunun da bu mərkəz vasitəsi ilə keçirilməsi böyük rol oynayıb.