2022-ci il 23 avqust tarixində Şəki ilə qardaşlaşmış Türkiyənin İzmir vilayətinin Berqama bələdiyyəsinin sədri Hakan Koştunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın bu qədim diyarına səfər edib.
Səfər çərçivəsində qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrə baş çəkib. Rəsmi heyət həmçinin qoruğda yerləşən “ABAD” Keramika və Tətbiqi sənət mərkəzini də ziyarət ediblər.
Görüşdə Şəki Şəhər İcra hakimiyyətinin nümayəndələri və deputat Vüqar İsgəndərov iştirak ediblər. Qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 29 oktyabr 2018-ci il tarixində baş tutub. Mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Müasir avadanlıqla təchiz edilmiş mərkəz ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasında töhfə verir. Cənubi Qafqazda ilk Keramika Mərkəzi olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması və Beynəlxalq Keramika Simpoziumunun da bu mərkəz vasitəsi ilə keçirilməsi sayəsində Şəki şəhəri Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib.