“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.
Ötən müddət ərzində “ABAD” öz fəaliyyətini baş ofis və altı regional mərkəz, 12 etno-butik, iki keramika və tətbiqi sənət mərkəzi, müxtəlif marketlər şəbəkələrində təşkil edilmiş 31 “ABAD” bakaleyaları və stendləri, 22 ədəd istehsal konteyneri, üç “ABAD Factory” istehsalat kompleksi və iki "ABAD" Məktəb vasitəsilə həyata keçirib.
“ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb və bu günə kimi 534 ailəyə dəstək göstərib. Hazırda onlardan 419 sənətkarlıq, 102 qida və 13 digər istiqamətlərdə dəstək alırlar. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.
Ötən dövr ərzində “ABAD” iri şirkətlər və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilə bilib. Əldə etdiyi qrantlar hesabına “ABAD” istehsal mərhələsinə qədəm qoymuş “ABAD”çıların 7.3 milyon manat dəyərində məhsulunun satışını həyata keçirib.
Yaxın persprektivdə ölkədə fəaliyyət göstərən hotellərlə sıx əməkdaşlıq, həmçinin dəstək istiqamətlərinin və “ABAD”çıların sayının artırılması nəzərdə tutulur.