Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) tərəfdaşlığı ilə “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” proqramı üzrə növbəti treninq keçirilib.
Oktyabrın 13-də açılışı olan təlim kursu UNESCO-nun 2003-cü ildə qəbul edilən “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına həsr olunub. Kurs “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində reallaşır.
Təlimin ikinci günü “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirakçılara “ABAD”ın fəaliyyəti və qurumun qeyri-maddi mədəni irsin qorunması istiqamətində verdiyi töhfələri haqqında geniş informasiya ilə çıxış edib.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədi ilə fəaliyyət göstərərək, prioritet olaraq dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində çalışan ailə bizneslərinə dəstək layihələrini həyata keçirir.