Noyabrın 22-də “Gənclər paytaxtı” seçilmiş Tovuz rayonunda Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gənc Sahibkarların III Forumu baş tutub.
Rəsmi açılışdan sonra baş tutan “Gənc sahibkarlara dövlət dəstəyi: imkanlar və çağırışlar” panel müzakirələrində “ABAD” publik hüquqi şəxsin də rəsmi nümayəndəsi iştirak edib. Dövlət dəstəyindən bəhs edərkən “ABAD” publik hüquqi şəxsin fəaliyyəti və sahibkarlıq ekosisteminə olan töhfələri haqqında təqdimat keçirilib. Daha sonra iştirak edən sahibkarlara “ABAD”ın regionda yaradılmış şəraiti haqqında geniş məlumat verilərək, sualları cavablandırılıb.
Bundan başqa, III Forumda gənclər və idman naziri Fərid Qayıbov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev də çıxış ediblər.
Qeyd edək ki, Gənc Sahibkarların III Forumun keçirilməsində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərinin öyrənilməsidir.