13 aprel 2023-cü il tarixində Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında “ABAD” publik hüquqi şəxsin sahibkarlarla görüşü baş tutdu. Görüşdə “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və RİH başçısının I müavini Hüseyn Əfəndiyev iştirak ediblər.
Görüşü giriş sözü ilə açan RİH başçısının I müavini sahibkarlığın inkişafı istiqamətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin prinsip və ənənələrinin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayaraq, ötən illər ərzində həyata keçirilən layihələr haqqında görüş iştirakçılarına məlumat verdi. Hüseyn Əfəndiyev həmçinin “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqindən də söz açdı.
Görüşdə iştirak edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, “ABAD”ın fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməyə istiqamətlənib. Bundan başqa o, görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında sahibkarlara məlumat verib.
Tədbir daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.