Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.
Burada “Talışın balaca sakinləri üçün ustad dərsi və bayram şənliyi” tədbiri təşkil olunub. Talışda məskunlaşan bağça və məktəb şagirdlərinin iştirak etdikləri tədbirdə kəndin balaca sakinlərinə Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi və digər “ABAD”çılar tərəfindən ustad dərsi keçirilib.
Bu məqsədlə tədbirdə dulusçu, rəngkar, zərgər olmaqla 4 dekorativ-tətbiqi xalq sənətkarlığı nümayəndəsi iştirak edib. Onlar balacalarla birlikdə sənət əsərləri üzərində işləyiblər.
Qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqların iştirakı ilə Qarabağda 30 il sonra ilk dəfə olaraq baş tutub.