26 avqust – Laçın şəhəri günüdür. Bu münasibətlə Heydər
Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda
xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və
Bayraq Meydanının qarşısında keçirilən bayram şənliyi təşkil olunub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şənliklərdə
iştirak ediblər.
Tədbirdə “Laçın mənzərələri” adlı rəsm sərgisi, həmçinin Nardaran
“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində hazırlanmış məhsullardan və müxtəlif
digər sənətkarların şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq,
tikmə, papaqçılıq və digər növlərinin də daxil olduğu incəsənət sərgisi açılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
“Laçın Şəhəri Günü” bayram şənliklərində təşkil olunan sərgilərlə tanış olub, sənətkarlıq
nümunələrinə baxıb, tamaşalar izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər.
Qeyd edək ki, Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi "TİKA" və "PAŞA Holding"in dəstəyi ilə 2018-2019-cu illərdə inşa edilərək istifadəyə verilib. Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır.