21 Noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin nümayəndə heyəti və ölkəmizdə səfərdə olan Mərakeşin Həmrəylik, Sosial İnteqrasiya və Ailə Nazirliyinin Qadınlar üzrə direktoru xanım Salma Tazi arasında 7 Saylı Bakı “ASAN Xidmət” mərkəzində görüş keçirilib.
Görüşün əsas məqsədi Mərakeşin dövlət qurumları ilə “ABAD” arasında effektiv təcrübə mübadiləsi və müvafiq istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Qonağa “ABAD” publik hüquqi şəxsin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri və gördüyü işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub.
Qonağa həmçinin “ABAD”ın həyata keçirdiyi fəaliyyət, layihələr, həmçinin məhsullar barədə təqdimat edilib. Sonda isə “ABAD”çılar tərəfindən hazırlanan xatirə hədiyyəsi təqdim olunub.