“ABAD” publik hüquqi şəxs Orta Şərq və Mərkəzi
Avropanın ən böyük onlayn ticarət platforması olan “Trendyol” ilə əməkdaşlığa
başlayıb.
Belə ki, biznes-ekosisteminə müsbət təsir göstərmək
və rəqəmsal inkişafa dəstək olmaq məqsədi ilə Türkiyədəki mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin, həmçinin sənətkarların məhsul və əl işlərini Türkiyənin
hər yerində, hətta digər ölkələrdə müştərilərə çatdıran platforma artıq təcrübəsini
ölkəmiz ilə də paylaşacaq. Bu istiqamətdə atılan ilk addım isə "ABAD"
– Ailə Biznesinə Asan Dəstək – məhsullarının platformaya daxil edilməsi oldu.
“ABAD” Trendyol-da təqdim olunan ilk Azərbaycan
brendi kimi Azərbaycanlı qida istehsalçılarının və sənətkarlarının əl işi məhsullarını
Trendyol-dan bütün dünyaya satacaq.
Hazırda pilot xarakter daşıyan bu layihə çərçivəsində kiçik miqdarda “ABAD”çı məhsulları Türkiyəyə
ixrac olunub və ixrac həcminin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.
Platformada satışa təqdim olunan məhsullarımız
ilə tanış olmaq üçün axtarış panelinə “ABAD” yazmağınız kifayətdir.