Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik
hüquqi şəxsin birgə təşəbbüsü olan “Potensial ABAD-çılara dəstək” layihəsi icra
olunmaqdadır.
Layihə çərçivəsində 23 nəfər
potensial “ABAD”çıya Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlar təqdim
edilib. Bununla bağlı keçirilən tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə
Heyətinin sədri Mustafa Abbasbəyli və “ABAD” publik hüquqi şəxsin
direktoru Rüfət Elçiyev iştirak edib.
Qurum rəhbərləri çıxış edərək
layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq
səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının
formalaşdırılmasına dəstək məqsədi daşıdığını vurğulayıblar. Bildirilib ki,
qurulan mikro sahibkarlıq subyektləri bazar tələblərinin qarşılanması üçün yüksək keyfiyyətli məhsullar
istehsal etmək üçün səy göstərəcək.
Qeyd edək ki, layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin edilmiş benefisiarlara, o cümlədən mikro sahibkarlara “ABAD” tərəfindən biznes-konsaltinq, texniki dəstək, marketinq, mühasibatlıq, hüquqi xidmətlər, logistika və satışın təşkili kimi xidmətlər göstəriləcək. Bununla da işsiz vətəndaşların məşğulluğu təmin olunaraq mikro sahibkarlar formalaşmış olacaq.