Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda işgüzar səfərdədir. O, səfər çərçivəsində Şəki şəhərini də ziyarət edib.
Gəzinti zamanı prezident Beqay, Azərbaycan Respublikasının mədəniyyət naziri və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzində də olublar.
Qonağa məlumat verilib ki, mərkəzin fəaliyyətinin məqsədi ölkəmizin, əsasən də Şəkinin tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilindən hazırlanmış keramika əsərlərinin dünyada tanıdılmasıdır. Maraqlı fakt da budur ki, dünyada mövcud olan 128 gil növündən 98-nə Azərbaycanda rast gəlinir.
Həmçinin bildirilib ki, Şəki şəhərinin Avropa Keramika marşrutuna daxil edilməsində mərkəzin xüsusi rolu olmuşdur.
Sonda Albaniya prezidentinə Keramika və Tətbiqi Sənət mərkəzində hazırlanan xatirə hədiyyəsi təqdim olunub.