
Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü ilə “ABAD” publik hüquqi şəxs, Azərbaycan
Respublikasının Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı
ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Qəbələ rayonunda davam edir.
İlkin
mərhələ olaraq “Gənc arıçı” layihəsinin seçimləri baş tutub. Layihəyə qatılmaq
üçün Qəbələ və ətraf rayonlardan 50-dən çox müraciət qəbul edilib. Onlardan
39-u iştirak üçün uyğun hesab edilərək seçim mərhələsinə dəvət alıb. Seçim
turunda 20 gənc layihədə iştirak hüququnu qazanaraq təlimlərə cəlb olunub.
Gənc
arıçılar 22 may 2024-cü il tarixindən etibarən Qəbələ rayonunda keçirilən üç mərhələdən
ibarət bir aylıq təlim müddətində nəzəri və praktiki biliklər əldə edəcək, təlim
müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və
pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz
olunacaqlar. Növbəti mərhələdə isə iştirakçılara istehsalat prosesini effektiv
icra etmələri üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata
keçiriləcək.
Xatırladaq
ki, IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihənin məqsədi biomüxtəlifliyin
qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının
ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii
bal istehsalının təmin olunmasına dəstək vermək, gənc ailələrin maddi rifahının
yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.


