Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin
rəssam-keramikaçıları Türkiyənin Avanos, Nevşehir bölgəsində “Heykəl və Divar
keramikası” mövzusunda keçirilən 13-cü Beynəlxalq “Avanos” Tətbiqi Keramika
Simpoziumunda (13UAUSS2024) iştirak ediblər.
Qeyd olunan simpozium Avropa Keramika
Marşurt Xəttinə üzv olan ölkələrdə keçirilən tədbirlər çərçivəsində, Nevşehir
Hacı Bektaş Veli Üniversiteti, Avanos Keramika Tətbiqi və Araşdırma Mərkəzi və
Avanos Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 24 iyun- 5 iyul 2024-cü il tarixlərində
baş tutub.
Simpoziumda Türkiyə, Rumıniya, Çin Xalq
Respublikası və Yaponiya sənətçiləri ilə yanaşı, “ABAD”ın rəssam-keramikaçıları
Kamran İbrahimxəlilov, Zaur Əhmədov və Asim Abbasov Azərbaycanı təmsil ediblər.
Onların Şəki şəhəri və Azərbaycanda
keramika sənətinin inkişafı mövzusunda təqdimatları simpozium iştirakçıları tərəfindən
böyük maraqla qarşılanıb. Tədbir müddətində hazırladıqları əl işləri isə xatirə
olaraq Avanos Keramika Tətbiqi və Araşdırma Mərkəzinin balansına təqdim olunub.
Simpoziumun son günü isə iştirakçılar
Avanosun tarixi məkanları, dulusçuluq emalatxanaları ilə tanış olub və onlar
üçün Kapadokya şəhər gəzintisi təşkil olunub.
Sonda simpozium iştirakçıları
sertifikatlarla təltif olunublar.