3 dekabr 2024-cü il tarixində “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Zəngilan rayonunun Ağalı kəndində yerli sakinlərlə görüş keçirib.
Ağalı kənd tam orta məktəbində keçirilən görüş zamanı sahibkar olmaq istəyən iştirakçılara “ABAD”ın fəaliyyəti barədə təqdimat nümayiş etdirilib, həyata keçirilən layihələr və ailə bizneslərinin dəstəklənməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri diqqətə çatdırılıb.
Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünləri “ABAD”a qoşulmağa təşviq etmək və “ABAD” tərəfindən onların bizneslərinin inkişafına dəstək göstərməkdir.
Təqdimatın yekununda “ABAD”ın fəaliyyəti ilə bağlı sakinləri maraqlandıran suallar cavablandırılıb. Suallar əsasən ailə bizneslərinə göstərilən dəstək mexanizmləri, maliyyə və texniki dəstək imkanları və layihələrə qoşulma prosesi ilə bağlı olub. “ABAD” nümayəndələri tərəfindən sakinlərin maraq dairəsində olan məsələlərə aydınlıq gətirilib.
Tədbirdə “ABAD”çı olmaq istəyən sakinlərin “ABAD”a qoşulmaları istiqamətində müvafiq proseslərin ən yaxın zamanda həyata keçirilməsi məqsədilə qeydiyyatı aparılıb.
Qeyd edək ki, görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Turizm Agentliyinin əməkdaşları da iştirak ediblər.