“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid məhsulları satışa çıxarılıb.
Belə ki, artıq “Bravo” marketlər şəbəkəsində Masallı və Balakənli ABADçıların yüksək keyfiyyətli ət və süd məhsulları öz alıcılarını gözləyir:
- Ələsgərovlar ailəsinin “Bəh-bəh” brendi altında təqdim olunan iki növ sosislər - bişmiş və hisə verilmiş və südlü sosislər;
- Şabanovlar ailəsinin “Bizim nemət” brendi altında təqdim olunan iki növ kolbasalar - kabanossi və krakovskaya kolbasaları;
- Hüseynovlar ailəsinin “Talalar” brendi altında təqdim olunan iki növ pendirlər - kaşar və saçaq pendirləri.
Yerli bazarda bu məhsullar ənənəvi komponentlərin mükəmməlliyi ilə fərqlənir. Tərkibində 100 faiz yüksək keyfiyyətli məhsullardan istifadə olunur və heç bir kimyəvi qatqı əlavə olunmur. Əlavə olunan təbii ədviyyatlar ət və süd məhsullarına xüsusi dad və ətir verir.
Qeyd edək ki, publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının istehsal etdiyi məhsullar “ABAD”ın təqdim etdiyi zəruri avadanlıqlarla təchiz edilən mobil konteynerlərdə istehsal edilir. Məhsullar texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma testlərini keçib. “ABAD” leyblı altında buraxılan bütün məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir.
Eyni zamanda satışa “Şirindil” brendi altında qənnadı məhsulları, “Avey” adı altında spirtli içkilər, “ABAD” və BMT-nin İnkişaf Proqramı əməkdaşlığı çərçivəsində ərsəyə gələn bal brendləri də satışa çıxarılıb: “Babadağ”, “Sarı gəlin”, “Balçı”, “Faydalı”, “Kəhraba”, “1001 çiçək”.
Xatırladaq ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.