Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonunda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.
İlham Əliyev kompleksdə fəaliyyət göstərəcək “ABAD” Regional Mərkəz və “ABAD” sərgi salonu ilə də tanış olub.
Dövlətimizin başçısı “ABAD” publik hüquqi şəxsin yeni saytı - www.abad.gov.az -ın fəaliyyəti ilə də tanış oldu. Saytda “Haqqımızda”, “Məhsullar”, “Xidmətlər”, “Xəbərlər” və “Əlaqə” funksional bölmələri yaradılıb. Bundan başqa, 108 (4) telefon nömrəsinə və “ABAD”ın sosial şəbəkələrdəki hesablarına keçid linkləri təmin edilib. Həmçinin keçid imkanlı “ABADçı ol” bölməsi yaradılıb. Bildirildi ki, “ABAD” publik hüquqi şəxs beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. “ABAD”ın rəsmi saytında Avropa İttifaqı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), TİKA və BMT-nin İnkişaf proqramları kimi birgə fəaliyyətlərə dair məlumatlar var. Bundan başqa, Mərakeş, İndoneziya, Əfqanıstan, Özbəkistan və digər ölkələr “ABAD” modelinin ixracında maraqlıdırlar.
Mərkəzdə “ABAD”ın sərgi salonu da fəaliyyət göstərəcək. Qeyd edək ki, əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən və Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində “ABAD”çı ailələrə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə Azərbaycanın müxtəlif yerlərində “ABAD” etno-butikləri açılır.