Bu gün noyabrın 7-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən “Bravo” marketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edərək burada fəaliyyət göstərəcək “ABAD” Bakaleyası ilə də tanış olublar.
Qeyd edilib ki, burada müştərilər ABADçıların istehsal etdikləri qida və dekorativ-tətbiqi xalq sənətkarlığı məhsullarını da əldə edə bilərlər. Həmçinin ölkə başçısının diqqətinə çatdırılıb ki, "ABAD" Bakaleyası "Paşa Holdinq"in dəstəyi ilə ərsəyə gəlib.
“ASAN xidmət”in tabeliyində olan “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir.