Noyabrın 22-i “ABAD” publik hüquqi şəxs tərəfindən Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinə media nümayəndələri üçün press-tur təşkil olunub.
“ABAD”ın direktoru Rüfət Elçiyev və Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin koordinatoru Mir Teymur Məmmədov Mərkəzin məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, keramika dünyada xalqların oturaq həyata keçməsinin təcəssümüdür. Bütün sivilizasiyaların qədimliyi keramika ilə ölçülür. Keramika ilk qədim dövrlərdə insanların məskunlaşdığı, yurd saldığı məkanlarda qida ehtiyyatlarının, toxumların və digər əşyaların saxlanması üçün istifadə olunurdu.
Mir Teymur Məmmədovun dediyinə görə, Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb:
“IX əsrdə isə Şəki artıq yalnız öz xalça və şirniyyatı ilə deyil, keramikası ilə də dillər əzbəri idi. Sənətin inkişafına yerli yağlı gil yataqlarının mövcüdluğu da böyük təkan verdi”.
Rüfət Elçiyev qeyd etdi ki, məhz bu səbəbdən Cənubi Qafqazın ilk Keramika Mərkəzinin burada yaradılması heç də təsadüfi bir hal deyil:
“ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğunun ərazisində Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir və 2018-ci ildə “ABAD” və “Paşa Holdinq”in əməkdaşlıq sayəsində bərpa edilmişdir. Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır”.
Daha sonra media nümayəndələri Mərkəzdə keramika sənəti ilə yanaşı xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər ilə də tanış oldular. Onlara məlumat verildi ki, burada məqsəd yeni sənətkarların yetişdirilməsidir. “ABAD”ın direktoru Mərkəzdə vətəndaşlar üçün keçirilən nəzəri və tətbiqi kurslar, keramika üçün sobalar, avadanlıqlar və digər materiallar barədə media nümayəndələrinə məlumat verdi:
“Evlərində belə peşəkar şəraiti yarada bilməyən vətəndaşlar mərkəzin bütün xidmətlərindən istifadə edə bilərlər, eyni zamanda digər bölgələrdən qoşulan şəxslər üçün də mərkəzin nəznindəki “Qonaq zonası”nda kurs zamanı ödənişsiz gecələmək üçün şərait yaradılıb”.
Qeyd edək ki, növbəti il analoji keramika mərkəzinin Bakının Nardaran qəsəbəsində açılışı nəzərdə tutulub.