Cari ilin may ayının 20-dən iyunun 2-dək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçiriləcək. Tarix boyunca keramika insan məişəti ilə bağlı olub, onun estetik zövqü və dünyagörüşünü ifadə edir. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim sobalar aşkar olunub. Bu səbəbdən də Azərbaycanda təşkil olunan keramika üzrə ilk böyükmiqyaslı beynəlxalq simpoziumun məhz Şəkidə keçirilməsi təsadüfi deyil.
"ABAD" publik hüquqi şəxsin təşəbbüsü ilə təşkil olunan “Təbiətdən Tarixə” adlı Beynəlxalq Şəki Keramika Simpoziumun məqsədi müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, mədəni ənənələri gücləndirmək, Simpoziumun iştirakçıları və ziyarətçilərini keramika sənətinin müasir tendensiyaları ilə tanış etməkdir.
Simpoziumda xarici sənətkar-keramistlərin iştirakı nəzərdə tutulub. İştirakçılar www.ceramicsymposium.org saytında qeydiyyatdan keçmiş şəxslər arasından seçiləcək.
"Paşa Holdinq"in dəstəyi ilə təşkil olunan və iki həftə davam edəcək Simpoziumun sonunda iştirakçılarının keramika əsərlərindən ibarət kolleksiya yaradılacaq.
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 2018-ci ilin oktyabr ayının 29-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Qeyd edək ki, “Təbiətdən Tarixə” Simpoziumu burada təşkil olunan ilk beynəlxalq tədbirdir.