1 aprel 2019-cu il tarixində “ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və ŞREM-in direktoru Yusif Şükürlü arasında imzalanıb.
Tədbirdə çıxış edən “ABAD”ın direktoru Rüfət Elçiyev iki qurum arasında imzalanan Memorandumun Azərbaycanda mikro kiçik və orta sahibkarların, əsasən də kənd təsərrüfatı və aidiyyəti üzrə müxtəlif peşələrə sahiblənmək istəyən yerli əhalinin, ümumilikdə isə regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Daha sonra ŞREM-in direktoru çıxış edərək bu Memorandum vasitəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda sənaye və kənd təsərrüfatının daha da inkişaf edəcəyini, elmin qabaqcıl nailiyyətlərini istehsalatda tətbiq etməklə səmərəliliyin artacacağını bildirib.
Qeyd edilib ki, memoranduma əsasən, ŞREM Şəki “ABAD” Regional Mərkəzə müraciət edənlər üçün aşağıda qeyd olunan sahələr üzrə təlimçiləri cəlb edəcək:
- İpəkçilik;
- Tütünçülük;
- Bağçılıq;
- Logistika və texnologiya.
Təlim zamanı iştrakçılara metodik təlimatlardan başqa bağçılıq alətlərindən istifadə qaydalarına dair təlim keçiriləcək, laboratoriya ilə təmin olunacaq. ŞREM ərazisi daxilində yerləşən xüsusi əkin zonasında praktiki təlimlərin keçirilməsi, habelə ipəkçilik üzrə təlim alanlar üçün ipək qurdlarına düzgün qulluq qaydaları üzrə tətbiqi kursların təşkili nəzərdə tutulub.
Təlimləri uğurla başa vuran iştrakçılara sertifikatlar təqdim ediləcək və ən yüksək nəticələrə sahib olanlar isə növbəti təlimlərdə təlimçi qismində çıxış etmək imkanı qazanacaqlar.