Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində təşkil olunan “Təbiətdən tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpoziumun bağlanış mərasimi baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin kuratoru Mir Teymur Məmmədov və Simpoziumun türkiyəli iştirakçısı Serap Ünel çıxış ediblər.
Rəsmi hissədən sonra 15 ölkədən 25 iştirakçı sertifikatlarla təltif olunub.
Sonda “Yanar heykəl” keramika şousu təqdim olunub.
“ABAD” publik hüquqi şəxsin təşəbbüsü və "Paşa Holdinq"in dəstəyi ilə 20 may - 2 iyun tarixində təşkil olunan beynəlxalq Simpoziumun məqsədi müxtəlif ölkələrdən olan sənətkar-keramistlər ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları və ziyarətçiləri keramika sənətinin müasir meylləri və milli mədəniyyətimiz ilə tanış etmək olub.