5 iyul tarixində Bakı şəhərində Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD”
publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra
hakimiyyəti arasında Niyyət protokolu imzalanıb.
Protokol “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət
Elçiyev və Türkistan vilayətinin icra hakiminin müavini Meirjan Mirzaliyev arasında
imzalanıb.
Sənəd Azərbaycanın “ABAD” modeli əsasında
Qazaxıstan Respublikasının Türkistan vilayətində sənətkarlıq sahəsi üzrə mikro
və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədini nəzərdə tutur.
Xatırladaq ki, “ABAD” – Ailə Biznesinə ASAN Dəstək
– 2016-cı ildən həmçinin dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşqul olan
mikro kiçik və orta sahibkarlara dəstək göstərir. Bugünədək ABADçı-sənətkarların
sayı artıq 300-ü ötüb. Sənətkarların əl işlərinin satışı üçün ölkənin fərqli coğrafi
ərazilərində 9 etno-butik fəaliyyət göstərir. Burada Azərbaycanın milli ruhunu
özündə daşıyan müxtəlif məmulatlar əldə etmək mümkündür. Dekorativ-tətbiqi xalq
sənətkarlığı istiqamətində özünü təkmilləşdirmək istəyən şəxslər üçün isə
Respublika üzrə “ABAD” Məktəbləri fəaliyyət göstərir.
Qeyd edək ki, Turkistan – Böyük İpək Yolu boyunca
yerləşən tarixi ərazi olmaqla yanaşı, həmçinin türk dünyasının mənəvi paytaxtı
hesab olunur. 2019-cu ilin sonunadək Türkistan vilayətində Böyük İpək Yolunun Ənənəvi
Sənətkarlıq Mərkəzinin açılması nəzərdə tutulur. Layihəyə əsasən, mərkəzdə Türk
dünyasını təmsil edən sənətkarlar orada yaşayaraq öz peşələri üzrə fəaliyyətlərini
davam etdirəcəklər.
Niyyət protokolu bu və digər layihələrdə “ABAD” və
Türkistanın Böyük İpək Yolu Ənənəvi Sənətkarlıq Mərkəzi arasında təcrübə
mübadiləsini nəzərdə tutur.