ABADçı: Sevil Əhmədova | Region: Bakı | Dekorativ - tətbiqi sənət



Sevil Əhmədova ixtisasca rəssam-dizayner və “Sevil Art” brendinin təsisçisidir. O Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmiş və İstanbul Universitetində marketinq meneceri ixtisası üzrə magistratura təhsili almışdır.
Sevil xanımın həyatında sənətkarlıq hər zaman mühüm rol oynayıb. Sənətə duyduğu dərin sevgi və yaradıcı düşüncəsi onu öz brendini yaratmağa ilhamlandırmışdır.
2020-ci ildən fəaliyyət göstərən “Sevil Art” brendi ölkəmizin milli ruhunu, mədəniyyətini və tarixini özündə əks etdirən, eləcə də təbliğ edən ipək şərf və aksessuar markasıdır. Sevil Əhmədovanın hazırladığı məhsullar yalnız estetik gözəlliyi ilə seçilmir, eyni zamanda Azərbaycan xalqının zəngin mədəni irsini yaşadan dəyərli nümunələrdir.
İlk vaxtlar Sevil xanım məhsullarının tanıtımını və satışını sosial media vasitəsilə həyata keçirirdi. Lakin onun məqsədi daha böyük idi və bu yolda əlavə dəstəyə ehtiyac duyurdu. “ABAD”a qoşulmaq isə brendini inkişaf etdirmək və daha geniş kütləyə çatdırmaq üçün ona böyük bir fürsət təqdim etdi. Sevil Əhmədova bildirir: “ "ABAD"çı olmaq biznesimi böyütmək və yeni imkanlar qazanmağım üçün vacib bir addım oldu.”
Gələcəkdə Sevilin əsas hədəfi, “Sevil Art” brendini qlobal səviyyədə tanıdaraq məşhurlaşdırmaqdır. Sevil Əhmədova xarici bazara məhsullarını ixrac etməyi və məhsul çeşidlərini genişləndirməyi yaxın gələcək planları arasında görür. O yalnız sənətini deyil, həm də Azərbaycanın mədəniyyətini dünya səhnəsində daha geniş şəkildə təbliğ etməyi qarşısına məqsəd qoyub.
Sevil xanımın hekayəsi yalnız bir biznes yaratmaqdan ibarət deyil, eyni zamanda mədəni irsi qorumaq və onu gələcək nəsillərə çatdırmaq üçün aparılan səylərin təcəssümüdür.