ABADçı: Sevinc Gəncəliyeva | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
İxtisasca ibtidai sinif müəlliməsi olan sənətkar artıq 5 ildir ki, dekorativ-tətbiqi sənət üzrə peşəkar kimi çalışır:
“Əvvəllər həvəskar kimi işləyirdim. Son illər isə bu işə peşəkar kimi yanaşmağa başladım. Şüşə üzərində müxtəlif təsvirlər yaradıram. İbtidai sinif müəlliməsi kimi heç vaxt fəaliyyət göstərməmişəm. Dekorativ-tətbiqi sənət mənim elə əsas peşəmə çevrilib”.
Bu sahəyə gəlişindən bəhs edən sənətkar deyir ki, hələ məktəbdə tərtibat işlərinə maraq göstərib:
“Ailə qurduqdan sonra da rəsmlər çəkirdim. Lakin valideynlərim rəssamlıq üzrə təhsil almağıma imkan vermədilər. Müəllimlik təhsilimi başa vurduqdan sonra ikinci təhsil kimi rəssamlığı oxumaq istəsəm də, yenə də istəyimə nail ola bilmədim. Onlar rəssamlığın gəlirli sahə olmadığını düşünürdülər. Lakin bu gün “ABAD” sübut edir ki, bu, heç də belə deyil”.
Sevinc Gəncəliyeva şüşə qablar üzərində vitrajlar, portretlər çəkir, bundan başqa, kətan üzərində işləyir, muncuqlardan istifadə edərək, müxtəlif əl işləri hazırlayır.
“Mistik elementləri – simurq quşu, əjdaha təsvirlərini çox sevirəm. Bundan başqa, ulduzlar, çiçək, şəbəkə təsvirlərinə üstünlük verirəm”.
“ABAD”a müraciətinin səbəbləri haqqında danışan sənətkar deyir ki, sənətini çox sevir və gəlir qazanmaq istəyir:
“Mən tanınmaq, həm də gəlir əldə etmək istəyirəm. Gəlirlərimi artırdığım təqdirdə, daha çox xammal alacaq və yeni-yeni məhsullar yarada biləcəyəm”.
Qeyd edək ki, Sevinc Gəncəliyevanın nəfis əl işləri ilə “ABAD” sənətkarlıq mərkəzlərində tanış olmaq mümkündür.