ABADçı: Güncamal Orucova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Dekorativ-tətbiqi xalq sənətkarlığın
bir növü də Təzhib sənətidir. Təzhib xəttatlıq sənətinin
ətrafını bəzəmək məqsədilə istifadə edilmiş, günümüzdə tək başına rəsm nümunəsi
kimi də təqdim edilir. Bu əsasən üslublaşdırılmış bitki formaları, ya da müxtəlif
dizaynlardan ibarət olan simmetrik əsərlərdir.
“ABAD”çı Güncamal Orucova da
müzəhhibədir. O zaman içində unudulmuş, tərk edilmiş bu zərif və çətin sənətlə artıq
səkkiz ildir ki məşquldur.
Güncamal xanım Qubadlı rayon
Xanlıq kəndində anadan olub. 13 yaşında ailəsi ilə məcburən Bakı şəhərində məskunlaşıb.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Peşə təlimi ixtisası üzrə məzundur.
Qubadlı rayon K.Mirzəyev adına 1 saylı Xanlıq kənd orta məktəbində Texnologiya
fənnini tədris edir.
“Təzhib sənətin
vurğunuyam. Bu sənət ilə islam dini kitablarında rastlaşıb daha dərindən öyrənməyə qərar verdim. Əvvəl əl işlərimi yalnız dostlar, tanışlara hədiyyə edirdim. Lakin sənətimi
daha geniş kütləyə çatdırmaq, sərgilər təşkil etmək, bu sənət üzrə tələbələr
yetişdirmək istəyi məndə günü gündən artırdı. Qardaşımın məsləhəti ilə “ABAD”a
qoşuldum. Və artıq məqsədlərimin bir neçəsi mərhələli şəkildə gerçəkləşməyə
başladı.”
Qeyd edək ki, Güncamal Orucovanın əl işləri ilə “ABAD” etno-butiklərində
tanış ola bilərsiniz.