ABADçı: Gülçöhrə Dadaşova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
“Ən çox sevdiyim iş əşyaların üzərində xüsusi boyalarla naxışlar çəkib, onlara yeni görkəm verməkdir. Bu iş mənə əvvəllər qazanc yeri deyil, yalnız fantaziyalarımın həyata keçirmək vasitəsi idi. Ona görə digər iş yerləri axtarırdım”.
50 yaşına qədəm basmış xanım-sənətkar “ABAD”ın yaranmasından sonra iş axtarmaq zorunda olmadığını söyləyir:
“Artıq öz başım, öz əllərim prinsipi ilə gəlir əldə edirəm. Digər bütün problemlərimi “ABAD” həll edir. İndi işimdən də, yaşayışımdan da çox məmnunam”.
Bundan başqa G.Dadaşova “ABAD”ın sənətkarları ilə tanış olmağından da çox razıdır və buraya həm də maraq dairəsinə uyğun insanlar toplusu prizmasından baxır.
“Vəziyyətin belə ssenarisi məni yeni məhsullar hazırlamağa ilhamlandırdı. Yaxın zamanda yeni, çox orijinal suvenirlər təqdim etmək fikrindəyəm. Bununla da fəaliyyətimin sahəsini artırıram”.
Gülçöhrə xanım “ABAD”ın sərgi-satış mərkəzlərini də gəzib-dolaşmağı sevir:
“Turistlərin milli suvenirlərimizə olan marağını gördükcə, fərəhlənirəm. İnanıram ki, çox yaxın zamanda bütün dünya bizim xalq sənətkarlarımızdan danışacaq”.