× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

“ABAD” İçərişəhər etno-butikinin yenilənmiş interyeri təqdim olundu

Etno-butiklərimizin ilki və ən genişi olan İçərişəhər “ABAD” butiki yenilənmiş interyeri ilə Sizləri salamlayır. Burada aparılmış təmir-bərpa işlərindən sonra əsas giriş yenidən ziyarətçilərin üzünə açıq, daxili dizayn isə daha geniş və işıqlıdır. Bərpa zamanı qədim hamamın divarlarının ilkin görkəmi üzə çıxıb və bunun ziyarətçilərin marağına səbəb olacağı gözlənilir. Qonaqlar gözəl hədiyyə əldə etməklə bərabər, tarixi abidə ilə də daha yaxından tanış ola biləcəklər. Burada yeni VIP hədiyyələr, ev dekoru və xüsusi fotozona bölmələri, həmçinin qədim bazar təsviri təqdim olunur. Qeyd edək ki, “ABAD” İçərişəhər butiki Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə — hamamda yerləşir. Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. Orta əsrlərə aid olan hamam 1964-cü ildə bu ərazizidə arxeoloji-təqdiqat işləri aparılarkən aşkar olunub. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olub. Buna görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Aşkarlandıqdan sonra yenə də uzun illər zamanı qapalı olan hamam “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən istismar üçün "ABAD" publik hüquqi şəxsə təqdim edildikdən sonra, SOCAR və TİKA-nın birgə dəstəyi ilə təmir olunmuş və 2017-ci il martın 18-də “ABAD” etno-butikinin burada fəaliyyətə başlaması ilə yenidən gündəmə qayıdıb. Butikdə Azərbaycan mədəniyyətinə xas olan dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan 378 “ABAD”çının əl işi satışa çıxarılıb. Yenilənmiş etno-butikdə müasirliyin nəbzini hiss etmək, dəbdə, dizaynda, incəsənətdə aktual olan əl işlərini tapmaq mümkündür. Belə ki, burada həmçinin “ABAD” keramika mərkəzlərində istehsal olunan farfor və fayans servizlər, “ABAD” Masallı xalçaçılıq məktəbinin, “ABAD” Quba zərgərlik məktəbinin yetirmələrinin əl işləri ilə də tanış ola bilərsiniz. Qeyd edək ki, bu mərkəzlə birgə paytaxtda 5, regionlarda isə 4 etno-butik fəaliyyət göstərir: - “ABAD” etno-butiki İçərişəhər filialı; - “ABAD” etno-butiki “Fairmont” filialı;- “ABAD” etno-butiki Bakı Dəmiryolu Vağzalı; - “ABAD” etno-butiki “Duty Free” filialı; - “ABAD” etno-butiki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı; - “ABAD” etno-butiki Dəmirçi kəndi filialı; - “ABAD” etno-butiki Qəbələ filialı; - “ABAD” etno-butiki Şəki filialı; - “ABAD” etno-butiki Masallı filialı.  


"Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi uğurla başa çatıb

2 iyul 2021-ci il tarixində "ABAD” publik hüquqi şəxsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra edilən, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri təşkil edilib.Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri səfir Kəstutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.Qonaqlar yerli icmaları dəstəkləmək üçün ailə biznesinə investisiya qoyuluşunun əhəmiyyətini vurğulayıblar. 2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar üçün lazımi resurslar təmin edilib. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq, maliyyə uçotu və hüquqi xidmətlər kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar. 200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 23-ü qadınlar tərəfindən idarə olunur. O cümlədən 12-si isə məcburi köçkünlər tərəfindən reallaşdırılır. Bu yeni bizneslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə "ABAD" etno-butiklərində və ölkəmizdəki bəzi supermarket şəbəkələrində satış üçün təqdim ediləcək. Həmçinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi keçirilib. Qonaqlar Balakən, Zaqatala və Qaxda yaşayan benefisiar ailələrə səfər edib və onların kiçik təsərrüfatlarının cari vəziyyəti ilə də yerində tanış olublar.  “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən birbaşa , BMT-nin İnkişaf Proqramı tərəfindən isə qismən maliyyələşdilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılır.


“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Avropa Keramika Marşrutuna daxil edildi

Şəki şəhəri Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib. Seçim zamanı Cənubi Qafqazda ilk Keramika Mərkəzi - “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması və Beynəlxalq Keramika Simpoziumunun da bu mərkəz vasitəsi ilə keçirilməsi böyük rol oynayıb.Qeyd edək ki, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 29 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şəkiyə səfərləri çərçivəsində baş tutub. Mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.Mərkəzin məqsədi ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Qeyd edək ki, 128 gil növü var və onun 98-i Azərbaycanda rast gəlir. Şəki torpağı da həmçinin gil ilə zəngindir və burada aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb.Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır. Hazırda Avropa Şurasının Keramika Assosiasiyası mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.


“ABAD” gənc ailələr üçün arıçılıq təsərrüfatlarının yaradılmasına dəstək olacaq

“ABAD” publik hüquqi şəxs “Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsinə qoşulub. Layihə IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı altında həyata keçirilir. Layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatlarının yaradılmasına istiqamətlənib. Təşviqin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təbliğ etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir. Layihə çərçivəsində arıçılıq təsərrüfatına xüsusi maraq göstərən 20 gənc, arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı iki həftəlik nəzəri və praktiki təlimlərə cəlb olunub. Təlimdə iştirak edən gənclərin arıçılıq təsərrüfatı üçün lazım olan resurs və ləvazimatlarla tam təchiz olunması, istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub. Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatlar mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcək. Bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara “ABAD” stendlərində öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar